2021-ci ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi daxilolmalarını 13,4% - 5 milyard 833,16 milyon manatadək artırıb.
Hesabat dövründə vergi daxilolmaları üzrə proqnoz 123,7% səviyyəsində icra olunub.
Yanvar-avqust aylarında qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 73,1% olub. Vergi daxilolmalarının 26,9%-i neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 4 milyard 264 milyon manat (artım 11%) təşkil edib, proqnoz 117,7% icra olunub. Neft-qaz sektoru üzrə daxilolmalar isə 1 milyard 569,16 milyon manat məbləğində olub.
2021-ci ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 494,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% artıb. İşsizlikdən sığorta üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% artaraq 85,8 milyon manat təşkil edib, Hər iki yığım üzrə proqnoz müvafiq olaraq 113,3% və 109,7% səviyyəsində icra olunub.
DVX-dən qeyd olunur ki, 2021-ci il sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı 645,189 min nəfər, həmçinin ƏDV ödəyicilərinin sayı 32,585 min nəfərdir. **
B.Rüstəmbəyov