Azərbaycan gömrükçüləri Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 133,4 kq narkotik vasitənin qaçaqmalçılığı cəhdlərinin qarşısını alıblar.
“Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsindəxidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində 26 kisədə 68 kiloqram 390 qram narkotik vasitə - tiryək aşkar edilib. Digər nişanlı "Man" markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsindəgömrük baxışı həyata keçirilən zaman isə 26 kisədə, ümumi çəkisi 19790 kiloqram olan qara rəngli süngər daşlarının içindən 65 kiloqram 020 qram narkotik vasitə - tiryək aşkarlanıb”, - Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Qeyd olunan faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb. **