Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bəyan edib.
Dünən Rusiya Müdafiə Nazirliyi Şuşa şəhəri yaxınlığında qanunsuz erməni silahlı birləşmələrinin postlarının atəşə tutulması barədə məlumat yayıb.
"Haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb. Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilib”, - Eyvazov bildirib.
O,həmçinin qeyd edib ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir. **
A.Salayeva