Azərbaycan gömrükçüləri 527,6 kiloqram heroinin qaçaqmalçılıq yolu ilə Latviyaya aparılması cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Latviya Respublikasına “kimyəvi maddə və quruducu qatqı” yükü aparan İran İslam Respublikası vətəndaşı Sıasatı Ashkan Bahmanın idarə etdiyi “Renault” markalı “JJ056WW/FF106T” dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib”, - deyə məlumatda bildirilir.
Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verib və yük avtomobilində əsaslı yoxlama aparılıb.
Nəticədəavtomobildə 105 ədəd şəffaf paketə qablaşdırılmış narkotik vasitə - heroin aşkar edilib. Paketlərin təqribi çəkisinin 527 kq 600 qram olduğu müəyyənləşib.
“Aparılan təhlillər onu göstərir ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplar əvvəllər Azərbaycanın işğal altında olan nəzarətsiz torpaqlarından rahat şəkildə tranzit marşrut kimi istifadə edərək məqsədlərinə çatırdılar. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra “rahat marşrut”ları əldən çıxan cinayətkarlar öz çirkin əməllərini gerçəkləşdirmək üçün narkotikləri digər marşrutlardan - dövlət sərhədinin mühafizə olunan hissəsindəki gömrük-sərhəd buraxılış məntəqələrindən keçirməyə cəhd göstərirlər”, - deyə məlumatda vurğulanır.*
B.Rüstəmbəyov