Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Dövlət başçısı Rusiya Prezidentini Hakim “Yedinaya Rossiya” Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
“Azərbaycan Prezidenti bu qələbəni Vladimir Putinin rəhbərliyi ilə ölkənin inkişafı və firavanlığına yönəlmiş siyasətə xalq tərəfindən verilən qiymətin təzahürü kimi dəyərləndirib”, - deyə Azərbaycan Prezidentinin mətbuat xidmətindən bildiriblər.
Rusiya Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
“Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.
Prezident İlham Əliyev Perm şəhərində baş vermiş hadisə nəticəsində həlak olanlarla bağlı Vladimir Putinə başsağlığı verib.*
E.Şəfiyev