Sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Tərəflər bölgədəki cari təhlükəsiz vəziyyət, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib”, - deyə məlumatda bildirilir.
Bayramov və Nuland bölgənin sülh şəraitində gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyini vurğulayıblar. Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar.
ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.
Görüşdə tərəflər, habelə ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
“Bundan başqa, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə