Nazirlər Kabineti COVID-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı bir sıra dəyişiklikləri təsdiq edib.
Baş nazir Əli Əsədovun imzaladığı və Nazirlər Kabinetinin saytında dərc olunmuş sənədə əsasən, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır.
Təhsil müəssisələrinin işçilərinin azı 80%-nin COVID-19 pasportunun olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.
Ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70%-dən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir.
Təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti bütün gigiyena tələbləri nəzərə alınmaqla bərpa olunur. Bundan əlavə, təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə bilər.*
X.Nəsirzadə