Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu təbrik edib. Təbrik məktubu dövlət başçısının saytında dərc olunub.
İ.Əliyev ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu qeyd edib.
“Əminəm ki, güclü İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq prosesində Səudiyyə Ərəbistanını təmsil edən şirkətlərin iştirakı iqtisadi əlaqələrimizin şaxələndirilməsinə önəmli töhfə verə bilər.*
E.Şəfiyev