Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni imkanlar açır. Bunu xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı bildirib. İclas Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilib.
Nazirin sözlərinə görə, Azərbaycan-Rusiya-Ermənistan bəyanatı bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutur.
“Azərbaycan, Ermənistan və Rusiya bölgədə nəqliyyat kommunikasiyalarının açılması üçün konkret istiqamətlər üzərində işləməyə başladılar. Əlaqələrin yenidən canlandırılması Ermənistan və Azərbaycan üzərindən ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə sürətləndirəcək və bu, həm bu ölkələrə, həm də tərəfdaşlarımıza fayda verəcək. Bu, normallaşmanın əhəmiyyətli bir faktoru olacaq və bölgədə və ondan kənarda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq”, - deyə Bayramov qeyd edib.
XİN başçısı vurğulayıb ki, kommunikasiyaların açılışı məsələsi ilə məşğul olan üçtərəfli işçi qrupu bölgədə konkret istiqamətlər üzərində işə başladı.
“Kommunikasiyaların açılmasının mühüm və mümkün bir irəliləyiş ola biləcəyinə baxmayaraq, Ermənistan danışıqları əngəlləmək və gecikdirmə taktikasına əl ataraq irəliləyişin qarşısını almağa cəhd edir. Biz konstruktiv olaraq prosesdə iştirak edirik və məsələ ilə məşğul olmaqda davam edirik”, - deyə o bildirib.*
A.Salayeva