Ermənistan 2016-cı ildə Qarabağda döyüş əməliyyatlarının gedişində Azərbaycanın hərəkətini düzgün başa düşmədi və bu, onlara baha başa gəldi. Bunu Prezident İlham Əliyev deyib.
“Biz 2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarımızı çox məhdud şəkildə nümayiş etdirdik. O vaxt işğal altındakı ərazilərin bir hissəsi azad edildi və biz erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verdik. Təəssüf ki, o vaxt biz dayananda erməni tərəf bizim bu hərəkətimizi düzgün başa düşmədi və bu onlara baha başa gəldi”, - deyə dövlət başçısı Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan, həmçinin 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində qan tökülmədən əməliyyat aparmaq imkanlarını nümayiş etdirdi.
“Buna görə biz öz potensialımızı, nəyə qabil olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq, düşmənin imkanlarını sayıq qiymətləndirir və Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq. Mənim Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi barədə beynəlxalq qurumlara bütün çağırışlarımın məqsədi bu olub. Çünki əgər belə olsaydı, Ermənistan işğal etdiyi əraziləri tərk etməyə məcbur olar və müharibə baş verməzdi. Lakin təəssüf ki, belə olmadı. Son dövrdə Ermənistan rəhbərliyi açıq təxribatlara əl atdı. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatları, əslində, danışıqlar prosesindən çıxmaq demək idi. Ermənistan müdafiə nazirinin Amerikada Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması barədə bəyanatı isə açıq-aşkar hədə və elementar sağlam düşüncə normalarına və beynəlxalq hüquqa hörmətsizlik nümayişi idi. Buna görə hər şey bu istiqamətdə gedirdi”, - deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, hərbi əməliyyatların başlanmasından əvvəlki hadisələrin xronologiyası buna dəlalət edir.
“İyul ayında dövlət sərhədində təxribat törədildi, bizim dinc sakinlər və hərbi qulluqçular həlak oldular, avqust ayında ermənilər tərəfindən göndərilmiş təxribat qrupu Goranboy rayonunda zərərsizləşdirildi”, - deyə İ.Əliyev vurğulayıb.*
B.Rüstəmbəyov