Azərbaycan İraqla enerji əməkdaşlığının genişləndirilməsi imkanlarını öyrənəcək. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Bu gün energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib. Görüşdə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
“Şahbazov qeyd edib ki, Azərbaycan SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və “OPEC plus” formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri dəyərləndirə bilər”, - deyə məlumatda bildirilir.
Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib.
“Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir”, - deyə o əlavə edib.
İhsan Abdul-Cabbar İsmail Əl-Səid Azərbaycanın neft bazarının balanslaşdırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. O bildirib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.
Görüşdə, həmçinin İraqın bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.*
N.Abbasova