Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov ilə görüşüb.
“Görüşdə tərəflər Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi aparıblar”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Azərbaycana qarşı son təcavüzü zamanı Ermənistanın xarici terrorçu döyüşçülərdən istifadə etməsi barədə qarşı tərəfə məlumat verən nazir Ceyhun Bayramov bu xüsusda, xaricdə yaşayan erməni icma üzvləri tərəfindən Azərbaycanın suveren ərazilərində terror fəaliyyətini maliyyələşdirmək üçün qeyri-kommersiya təşkilatlarından sui-istifadə etməsini diqqətə çatdırıb.
“Vladimir Voronkov terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir edib və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Tərəflər eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.*
E.Şəfiyev