Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə görüşüb.
“Görüşdə tərəflər Aİ ilə Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərinin perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu xüsusda Azərbaycan-Aİ münasibətlərinin hüquqi əsasını təşkil edəcək ikitərəfli Saziş üzrə danışıqların hazırkı statusu müzakirə olunub, bərabər tərəfdaşlığa əsaslanacaq yeni Sazişin yekunlaşdırılmasının əhəmiyyəti vurğulanıb”, - deyə Xarici İşlər Nazirliyindən bildiriblər.
Söhbət zamanı, həmçinin ilin sonunda keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məsələləri müzakirə edilib.
“Nazir Ceyhun Bayramov müharibədən sonrakı mərhələdə həyata keçirilən bərpa və yenidənqurma işləri, işğaldan azad edilmiş ərazilərimizin Ermənistan tərəfindən kütləvi minalanması nəticəsində humanitar fəsadlar ilə bağlı məsələləri ali nümayəndənin diqqətinə çatdırıb”, - deyə məlumatda qeyd olunur.
Ali nümayəndə Cozef Borel bərpa və yenidənqurma mərhələsində aidiyyəti üzrə Aİ-nin də iştirakının mümkünlüyünü qeyd edib.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.*