Rəsmi Bakı ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə İrəvanı münasibətləri normallaşdırmağa çağırıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 27 sentyabr Anım Günü ilə bağlı bəyanatında deyilir.
“Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır”, - məlumatda deyilir.
XİN Ermənistanı Cənubi Qafqaz bölgəsində sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır.
Bundan başqa, nazirlikdən vurğulanıb ki, hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atılır.
“Azərbaycan hökuməti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər görür”, - XİN-dən vurğulanır. **
X.Nəsirzadə