Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı RF-nin müdafiə naziri Sergey Şoyqunun guya Ermənistanı silahlandırmağa davam edəcəkləri ilə bağlı bəyanatı ilə əlaqədar məsələni Moskva ilə aydınlaşdırıb.
“Bu barədə məlum olan kimi, biz dərhal Rusiya tərəfinə müraciət edərək məsələnin məgzi ilə maraqlandıq. Bizə məlumat verildi ki, Ermənistan mətbuatında dərc olunan həmin bəyanat (RF və Ermənistan müdafiə nazirlərinin görüşünün yekunlarına dair - İF) həqiqətə uyğun deyil. Müdafiə naziri (RF-nin - İF) belə söz deməyib. Bu, erməni təbliğatının çirkin iftirasıdır. Bu cür bəyanat olmayıb. Bizə rəsmi olaraq bu cür planların olmadığı barədə məlumat verildi”, - Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.
O cümlədən, prezident Ermənistan ordusunun pulsuz silahlanması məsələsinə toxunub. “Biz bu məsələ ilə əlaqədar Rusiya tərəfinə müraciət etdik və bizi qane edən cavab aldıq. Bu sübut edir ki, İrəvan öz çirkin siyasətindən əl çəkməyib. İlk növbədə, bu yalan böyük səhvdir. Rusiyanın müdafiə nazirinin demədiyi sözlərin tirajlanması ən azı məsuliyyətsizlikdir, təxribatdır”, - dövlət başçısı bəyan edib.
Həmçinin, Əliyev vurğulayıb ki, belə şeylər əvvəllər də baş verib. “Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi Rusiya ilə Azərbaycan arasında münasibətlərdə nifaq yaratmaq üçün hər gün çalışır. Onların gündəlik işi Bakını qaralamaq, Rusiya mətbuatında Azərbaycanın mənfi obrazını yaratmaq, Rusiya ilə Azərbaycan arasında münasibətlərə kölgə salmaqdır”, - dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, erməni tərəfi hesab edir ki, bu cür hərəkətlərlə revanşistlər yenidən aktivləşərək Azərbaycana qarşı müharibəyə başlaya biləcəklər. “Lakin onlar səhv edirlər”, - dövlət başçısı vurğulayıb.
Əliyev əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir, tərəflər bütün məsələləri prezidentlər, müdafiə, xarici işlər nazirləri səviyyələrində aydın şəkildə müzakirə edirlər – “dərhal əlaqə yaradırıq və tərəfləri narahat edən istənilən məsələni həll edirik”. “Bu gün təsdiq edə bilərəm ki, Rusiya-Azərbaycan münasibətlərdə hər hansı təcili məsələnin həlli ilə əlaqədar problemlər yoxdur. Ermənistanın təbliğat səyləri uğur gətirməyəcək. Rusiyada Ermənistanın təkrar silahlanması ilə əlaqədar əndişələrimizə anlayışla yanaşırlar”, - Azərbaycan prezidenti yekun vurub.
B.Rüstəmbəyov