Dövlət Turizm Agentliyi Şəki şəhəri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində tikinti və yenidənqurma işlərinin I mərhələsinin həyata keçirilməsinə 1 milyon 829,315 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, “İsmayıllı Tikinti-27” ASC ilə müvafiq müqavilə bağlanıb.
Yuxarı Baş – Şəki şəhərinin yuxarı hissəsində tarix-memarlıq qoruğudur. Bura Şəki şəhərinin ən qədim hissəsidir. Qoruq ərazisinə Şəki Xan Sarayının da yerləşdiyi Nuxa qalası və karvansarayların və müxtəlif sənət növlərinə aid dükanların yerləşdiyi əsas alış-veriş küçəsi daxildir. Alış-veriş küçəsinin ətrafında hələ də öz qədim adlarını daşıyan məhəllələr yerləşir: Gileyli, Qırıçı, Qullar, Duluzlar, Aqvanlar, Otaq eşiyi, Sarı torpaq və s. Qoruq ərazisində, həmçinin Şəkixanovların evi, məscidlər və hamamlar yerləşir. Qoruğun ərazisi 283 hektardır.
Yuxarı Baş 6 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə memarlıq qoruğu elan edilib. 2019-cu il iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.*
E.Şəfiyev