Azərbaycan “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə müqavilələr imzalayıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalandı”, – deyə nazir Facebook səhifəsində yazıb.
“İnanırıq ki, atılan bu mühüm addım işğaldan azad edilmiş ərazilərimizdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcək”, - deyə M.Cabbarov qeyd edib.
Prezident İlham Əliyev 2021-ci il mayın 29-da “Azərbaycan Respublikasının “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə bağlı işlərin təşkili məqsədilə Yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq “Qaşqaçay” filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilir.*
E.Şəfiyev