BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycan arasında “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı məhkəmə prosesi çərçivəsində 18-19 oktyabr tarixlərində dinləmələr təyin edib.
“Beynəlxalq Ədalət Məhkəməsi oktyabrın 18-i və 19-da Haaqada yerləşən iqamətgahında “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş (Azərbaycan Ermənistana qarşı) üzrə açıq dinləmələr keçirəcək. Dinləmələr Azərbaycanın ünvanladığı müvəqqəti təminat tədbirlərinin görülməsi ilə bağlı sorğuya həsr olunacaq”, - deyə məhkəmənin məlumatında bildirilir.
Ermənistanın Azərbaycana qarşı analoji tələbinə isə 14-15 oktyabr tarixlərində baxılacaq.
“Pandemiya ilə əlaqədar olaraq dinləmələr hibrid formatda keçiriləcək. Yəni bəzi hakimlər dinləmələrdə şəxsən iştirak edəcək, digərləri isə videobağlantı vasitəsi ilə əlaqə saxlayacaqlar. Tərəflərin nümayəndələri dinləmələrdə ya şəxsən, ya da videobağlantı vasitəsilə iştirak edə bilər”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın sistematik şəkildə pozulmasına görə ötən həftə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.*
E.Şəfiyev