Prezident İlham Əliyev İrəvanla konstruktiv dialoqun tərəfdarıdır.
“Biz regionun gələcək inkişafı ilə bağlı əməkdaşlığa hazırıq. Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdülər. BMT Baş Assambleyasının sessiyasının əsnasında, o cümlədən onlar arasında ikitərəfli görüş olub. Mənə bizim xarici işlər naziri məruzə elədi və bildirdi ki, görüş konstruktiv keçib. Biz də elə bunun tərəfdarıyıq”, - deyə dövlət başçısı bu gün Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
“Bu yaxınlarda mən demişdim ki, Ermənistanın baş naziri ilə görüşməyə hazıram. O da demişdi ki, hazırdır. Yəni, bu nəyi göstərir? Bu, onu göstərir ki, bizim gündəliyimiz artıq burada qəbul olunur. Bəziləri yəqin ki, bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Biz bunu istəyirik”, - deyə prezident qeyd edib.
O vurğulayıb ki, Azərbaycan tərəfində siyasi iradə var. “Ermənistan tərəfində də bu iradə olarsa, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər, bölgədə uzunmüddətli sülh ola bilər”, - deyə İ.Əliyev qeyd edib.
Azərbaycan-Ermənistan sərhədində vəziyyətə toxunan prezident bildirib ki, Azərbaycan heç kimin sərhədini pozmayıb.
“1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri var. Gəlsinlər, görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik, oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik”, - deyə o vurğulayıb.
İ.Əliyev əlavə edib: “İndi Ermənistan rəhbərliyi açıq-aydın ən yüksək səviyyədə bəyan edir ki, Azərbaycan haqlı olaraq Gorus-Qafan yolunun müəyyən hissəsində yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir. Başqası deyir ki, biz kiminsə sərhədini pozmuşuq, bu gülməlidir. Ona görə regionda yeni dövr başlayır. Biz hesab edirik ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır”.*
N.Abbasova