Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bizə qarşı olan bütün digər erməni iddialarına tədricən son qoyulmalıdır. (...) Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən-dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur. Məcbur edəcəyik onları”, - Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.
Bundan başqa, prezident Cənubi Qafqazda müharibədən sonra vəziyyətin dəyişmədiyini düşünənlərə xəbərdarlıq edib.
“Əgər kimsə hesab edir ki, müharibə bitdi və indi hər şey necə deyərlər, əvvəlki məcraya düşəcək, səhv edir. Müharibə bitdi, biz qalib gəldik, yeni reallıq yaratdıq, hər kəs bu reallıqla hesablaşmalıdır və hesablaşacaq”, - Əliyev qeyd edib.
Prezident bir daha xatırladıb ki, rəsmi Bakı İrəvan tərəfindn heç bir təxribata imkan verməyəcək. “Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz. İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın havadarları bizim işimizə müxtəlif yollarla əngəl törətməyə çalışdılar - bəziləri bəyanatlar verməklə, bəziləri başqa yollarla onlara praktiki kömək göstərməklə. Ancaq bunun heç bir xeyri olmadı, bundan sonra da olmayacaq”, - Azərbaycan lideri əlavə edib. **
X.Nəsirzadə