Bakı Brüssel üçün önəmli tərəfdaşdır, Avropa İttifaqı (Aİ) Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırdır. Bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko deyib.
“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli Sazişin imzalanması bizim əsas prioritetimiz olacaqdır. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq”, - deyə P.Mixalko oktyabrın 6-da etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. “Biz iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində birlikdə işləməyə hazırıq”, - deyə səfir qeyd edib.
O əlavə edib ki, Aİ “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır.
“Biz nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik. Biz, həmçinin ATƏT-in Minsk qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik”, - deyə P.Mixalko vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı COVID-19 pandemiyasının təsiri kontekstində sosial və iqtisadi artım üçün və iqtisadi dirçəliş, dayanıqlılıq naminə birlikdə işləmək məqsədilə Azərbaycana dəstək verməyə davam edəcək.*
E.Şəfiyev