Tehran Azərbaycanın xarici dövlətlərin iştirakı ilə keçirdiyi hərbi təlimlərin təxribat xarakterli olduğunu hesab edir. Bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Azərbaycan müxtəlif ölkələrlə 6 təlim keçirib - bu, əlbəttə ki, təxribatçı hərəkətdir”, - deyə o, bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
İranlı nazirin sözlərinə görə, bu təlimlərin fəal xarakter alması regionda yaxşı emosiyalar yaratmır.
“İran son zamanlar bir neçə təlim keçirib, lakin diplomatik kanallar vasitəsilə biz bütün region ölkələrinə bu barədə məlumat vermişik”, - deyə o vurğulayıb.
Öz növbəsində, S.Lavrov qeyd edib: “Biz regionda hərbi fəallığın artırılmasının, hansısa bir təlimin təxribat xarakteri daşımasının əleyhinəyik. İranlı dostlarımızın bu günlərdə sərhəddə hərbi təlimlər keçirməsi ilə bağlı Azərbaycanın da narahatlığı var”.
Onun sözlərinə görə, Xəzər dənizində xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağan edən Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın tezliklə qüvvəyə minməsini təmin etmək vacibdir. “Hazırda bu məsələyə İran parlamentində baxılır. Ümid edirəm ki, ratifikasiya haqqında qərar tezliklə qəbul ediləcək. O zaman Konvensiya Xəzər dənizində müvafiq rejimi təmin edəcək tam beynəlxalq hüquqi sənəd olacaq”, - deyə Lavrov qeyd edib.*