Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəyan edib ki, Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək.
“Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə (2020-ci ilin payızında) bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayib”, - Abdullayeva İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Livanın Əl-Manar televiziya kanalına müsahibəsində Azərbaycan ilə bağlı söylədiklərinə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100 mindən artıq Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur”, - Abdullayeva vurğulayıb.
O bildirib ki, təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməmiş və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmamışdır.
“Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”, - Abdullayeva deyib.
“Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar”, - o vurğulayıb.
Abdullayeva xatırladıb ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə “erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı” ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib. **
B.Rüstəmbəyov