Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya,yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılır.
Həmçinin, fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılır: İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılır.
Fərmanın mətni bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov