Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Dövlət başçısının saytında dərc olunan fərmana əsasən, “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılır.
Fondun yaradılmasında məqsəd iqtisadiyyatın qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmənin gücləndirilməsi, bu sahədə şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılmasıdır.
Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.
Fond iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir.
Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 9 üzvdən ibarət Müşahidə Şurası, Fondun fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir.
Nazirlər Kabineti üç ay müddətində nazirliyin təklifləri əsasında Fondun yaradılması ilə əlaqədar, habelə ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlərin geri qaytarılması, mövcud kreditlərin sağlamlaşdırılması və yenidən dövriyyəyə daxil edilməsi, eləcə də qeyri-işlək (toksik) aktivlərin idarəolunması məsələlərinin tənzimlənməsinə dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
O cümlədən, Nazirlər Kabinetinə Fondun nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. **
B.Rüstəmbəyov