Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi avtomobil nəqliyyatı sahəsində sərnişin və yük daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə “AYNA” informasiya sisteminin yaradılması haqqında fərman imzalayıb.
Dövlət başçısının saytında dərc olunan fərmanda qeyd olunur ki, bu sistemin yaradılmasında məqsəd avtomobil nəqliyyatı sahəsində sərnişin və yük daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edən, eləcə də avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin etməkdir.
Bundan əlavə, sistemin yaradılması avtomobil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə və təcrübəyə uyğun təşkil edilməsi və rəqabətədavamlı avtomobil nəqliyyatı sahəsinin formalaşdırılmasına yönəlib.
Həmçinin, fərmana əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılır. Agentliyə hazırda nazirlik və yerli icra hakimiyyətləri orqanlarının tabeliyində olan 20-dən çox müxtəlif struktur daxil olacaq.
Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 4 üzvdən ibarət İdarə Heyəti yaradılır.
Fərman çərçivəsində Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, Agentliyin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlayıb bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılır. **
E.Şəfiyev