Bazar ertəsi Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Belqradda Serbiyanın müdafiə naziri Nebojsa Stefanoviçlə görüşüb.
“Nazir Mədət Quliyevin rəhbərliyi ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti Serbiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Belqrad şəhərində keçirilən “Partner-2021” Silah və Hərbi Texnika Sərgisində iştirak edir. Sərginin ilk günü Mədət Quliyevin Nebojsa Stefanoviçlə görüşü baş tutub. Görüş zamanı mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Respublikası Höküməti və Serbiya Respublikası Höküməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” imzalanıb”, - nazilriyin məlumatında deyilir.
Məlumata əsasən, Belqrada səfər çərçivəsində Mədət Quliyev “Yugoimport” Müdafiə Sənayesi Kompleksinin rəhbəri Yuqoslav Petkoviç ilə görüşüb. “Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib”, - məlumatda qeyd olunur.
“Partner-2021” Silah və Hərbi Texnika Sərgisi iki ildən bir Serbiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, döyüş sursatları, zirehli texnika, təyyarələr, xüsusi mühafizə vasitələri, müxtəlif növ trenajorlar və s. nümayiş etdirilir.
“Partner-2021” Silah və Hərbi Texnika Sərgisi oktyabrın 14-dək davam edəcək. **
N.Abbasova