Azərbaycan Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərə xarici vətəndaşların qanunsuz səfərləri ilə bağlı məsələnin Rusiya tərəfindən həllini gözləyir. Bu barədə Azərbaycan pezidenti İlham Əliyev bəyan edib.
“Ümumilikdə biz bundan (Rusiya sülhməramlılarının fəaliyyətindən – İF) məmnunuq. Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq”, - Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.
Eyni zamanda, dövlət başçısı qeyd edib ki, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır.
“Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var”, - prezident deyib.
O bildirib ki, Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar.
“Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq”, - Əliyev vurğulayıb. **
E.Şəfiyev