13.10.2021 13:58

Əliyev: Əfqanıstanda yeni hökumətin tanınması ilə bağlı qərarı ilk olaraq, Əfqanıstanın qonşuları verməlidir

Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir.Bu barədə Azərbaycan pezidenti İlham Əliyev bəyan edib.

“Hazırda Əfqanıstanda yeni hökumətin qurulması və xarici siyasət prioritetlərinin müəyyən edilməsi dövrüdür. Müsbət meyil, müsbət yanaşma və potensial əməkdaşlıq əlamətləri gördüyümüz halda biz, əlbəttə ki, adekvat şəkildə cavab verəcəyik. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq”, - Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

Dövlət başçısı bildirib ki, hazırda Azərbaycan hər hansı bir addımın atılması mərhələsində deyil. “Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Hesab edirəm ki, ilk olaraq, bu qərarı Əfqanıstanın qonşuları verməlidir. Biz heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmamışıq”, - prezident əlavə edib.

O vurulayıb ki, Azərbaycanın Əfqanıstanda mövcudluğu orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb. “Azərbaycan hərbçiləri Kabil hava limanını sonuncu tərk edənlər sırasında olublar. Hərbçilərimiz hava limanını orada baş verən partlayışdan bir gün əvvəl tərk ediblər. Yəni, biz missiyamızı sonuncu günədək ləyaqətlə və maksimum səmərəli dərəcədə icra edirdik”, - Əliyev yekun vurub. **

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.