Azərbaycan prezidenti İlham Əliyev bir daha bəyan edib ki, rəsmi Bakı 2020-ci ilin dekabr ayında Azərbaycanın azad edilmiş ərazilərində saxlanılan erməni hərbçilərini hərbi əsirlər yox, diversantlar hesab edir.
“Dırnaqarası “erməni hərbi əsirlər” məsələsinə toxunmaq istərdim. Azərbaycan müharibə dövründə (2020-ci ilin payızında - İF) saxlanılan bütün hərbi əsirləri Ermənistana daha tez qaytardı, nəinki Ermənistan azərbaycanlı hərbi əsirləri bizə. Üçtərəfli bəyanat imzalandan bir həftə sonra, ötən ilin noyabr ayında 62 nəfərdən ibarət diversiya qrupu Ermənistanın Şirak regionundan diversiya törətmək məqsədilə artıq biz tərəfindən azad edilən ərazilərə göndərilib”, - Əliyev cümə günü Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.
Onun sözlərinə görə, bu diversiya qrupu Azərbaycan hərbçiləri tərəfindən tərkisilah edilərək saxlanılıb. “Beynəlxalq konvensiyalara əsasən, həmin diversantlar hərbi əsir hesab oluna bilməzlər”, - Əliyev əlavə edib.
Xəbər verildiyi kimi, həmin 62 erməni diversantlardan bəziləri 2021-ci il ərzində Ermənistana qaytarılıb, çünki Azərbaycan hökuməti onların hərbi qulluqulara hücumlara heç bir aidiyyəti olmadığını müəyyən edib. Lakin 50-dən çox erməni diversantı Azərbaycan hərbi qulluqçuları və mülki şəxslərə qarşı törətdikləri cinayətlərə görə müxtəlif müddətə həbs cəzasına məhkum olunub. Rəsmi Bakı həmin erməni hərbçilərini diversantlar hesab edir və 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanata əsasən onların Ermənistana qaytarılması lazım olduğunu hesab etmir. **
X.Nəsirzadə