2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 53 milyon 856,62 min təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 5,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2021-ci ilin 9 ayı ərzində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,94%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb. RF Azərbaycanın üçüncü iri ticarət tərəfdaşıdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya $613 milyon 773,12 min dəyərində (artım 22,8%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 4,2%-i Rusiyanın payına düşüb. Rusiya Azərbaycandan idxalın həcminə görə 3-cü yerdədir.
Yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 milyard 440 milyon 83,51 min təşkil edib ki, bu da ötən ilki göstəriciyə uyğundur. Azərbaycana idxalın ümumi həcmində 17,261% Rusiyadan idxalın payına düşüb. Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 1-ci yerdədir.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $826 milyon 310,39 min təşkil edib.
2020-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 671 milyon 545,75 min təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 11,6% azdır. Azalma COVID-19 pandemiyası ilə əlaqədar olub.*
B.Rüstəmbəyov