2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $6 milyard 285 milyon 345,71 min təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2,3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $22 milyard 974 milyon 296,03 min (2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 24,8% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $14 milyard 629 milyon 820,87 min (artım 38,3%), idxalın həcmi $8 milyard 344 milyon 475,16 min (artım 6,7%) təşkil edib.
İxracın strukturunda əsas həcm (87,6%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,83% ərzaq məhsullarının, 0,83% tütün və tütün məhsullarının, 4,98% əczaçılıq məhsullarının, 0,44% gübrələrin, 3,24% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,73% odun və agac məhsullarının, 2,22% geyim və geyim aksessuarlarının, 7,2% qara metal və ondan hazırlanan məmulatların, 24,42% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 11,65% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,82% mebelin, 25,64% digər məhsulların payına düşüb.
Yanvar-sentyabr aylarında xarici ticarət əməliyyatlarında 7,958 min özəl və dövlət müəssisəsi və 42,191 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 182 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-sentyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 38,6%-i), Türkiyə (13,25%), Rusiya (4,2%), İspaniya (3,82%), Xorvatiya (3,74%), İsrail (3,53%), Gürcüstan (3,51%), Hindistan (3,44%), Portuqaliya (2,62%), Tunis (2,58%), Böyük Britaniya (2,3%) və Ukrayna (2,18%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (17,26%), Türkiyə (15,69%), Çin (13,89%), Almaniya (5,81%), ABŞ (4,04%), İtaliya (3,93%), Ukrayna (3,92%), İran (3,26%), Böyük Britaniya (2,56%) və Yaponiya (2,34%) ilə həyata keçirib.
Daha əvvəl Prezident İlham Əliyev bildirmişdi ki, 2021-ci ilin yekunları üzrə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $6-7 milyard təşkil edə bilər.
2020-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 milyard təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 49,6% azdır. Azalma COVID-19 pandemiyasının təsiri və dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə şərtlənib.*
X.Nəsirzadə