“Ağıllı kənd” konsepsiyası əsasında Füzuli rayonunun Dövlətyarlı kəndində günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq.
Prezident İlham Əliyevə bununla bağlı məlumat onun Füzuli rayonuna səfəri zaman verilib.
Kənddə biznes layihələri də icra olunacaq. Burada kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.
Kənddə Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına ixracyönümlü balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. Burada quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq.
Ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulub.
Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlini qoyub. “Ağıllı kənd” layihəsinə əsasən ilkin mərhələdə 450, ikinci mərhələdə 300 evin inşası nəzərdə tutulub.*
B.Rüstəmbəyov