Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsi həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır. Bu sözləri Prezident İlham Əliyev deyib.
“Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur”, - deyə dövlət başçısı müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.
O xatırladıb ki, rəşadətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır.
“Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır. Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik”, - deyə İ.Əliyev vurğulayıb.*
E.Şəfiyev