Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilgini qəbul edib.
“Görüşdə digər sahələrdə olduğu kimi, sosial çalışma sahəsində də yaxşı iş birliyinin mövcud olduğu vurğulanaraq, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətinə toxunuldu. Eyni zamanda, əmək bazarının tənzimlənməsi, Türkiyədə çalışan Azərbaycan vətəndaşlarının, Azərbaycanda çalışan Türkiyə vətəndaşlarının sosial müdafiəsi məsələlərinin müzakirəsinin də önəmi qeyd olundu”, - deyə dövlət başçısının saytında dərc olunmuş məlumatda bildirilir.
Prezident İlham Əliyev oktyabrın 18-də Qətər Dövlətinin baş nazirinin müavini, xarici işlər naziri, Qətər-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Məhəmməd bin Əbdülrəhman Al Taninin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
“Görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu”, - deyə məlumatda bildirilir.
“Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın iclasının əhəmiyyətinə toxunularaq, iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyi vurğulandı. Qarşılıqlı investisiya, eyni zamanda, üçüncü ölkələrə investisiya qoyuluşu üçün böyük potensialın olduğu qeyd edildi”, - deyə məlumatda qeyd olunur.
Söhbət zamanı, həmçinin postpandemiya dövründə turizm sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olundu.*
E.Şəfiyev