Azərbaycan nümayəndələri BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Bakının fikrincə, azərbaycanlıların hüquqlarını pozan İrəvana qarşı təminat tədbirlərinin tətbiq edilməsini tələb edib.
“Təminat tədbirlərinin təcili olaraq tətbiq edilməsi birbaşa təhdiddən müdafiə üçün zəruridir”, - deyə xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün məhkəmədə çıxışı zamanı bildirib.
“Ermənistan öz məqsədindən - onun sərhədlərindən kənara çıxan və tərkibinə Azərbaycan ərazilərinin də daxil olduğu monoetnik Ermənistandan əl çəkə bilmədiyini nümayiş etdirməkdə davam edir”, - deyə o əlavə edib.
Daha sonra məhkəmədə Ermənistan nümayəndələrinin vəziyyətlə bağlı öz fikirlərini təqdim edəcəyi gözlənilir. Açıq dinləmələr 18 və 19 oktyabr tarixlərinə planlaşdırılıb.
Söhbət Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası üzrə Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdən gedir.
Azərbaycan 2021-ci ilin sentyabr ayının sonunda Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Azərbaycan tərəfi bildirir ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir.
Azərbaycan məhkəmə sənədlərində bildirir ki, Ermənistan həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirir və nifrəti qızışdırır, azərbaycanlılara qarşı etnik zorakılıq, nifrət dolu ifadələrdən istifadə və irqçi təbliğat hökumət səviyyəsində aparılır.
Rəsmi Bakı qeyd edir ki, Ermənistanın etnik təmizləmə, mədəniyyəti silmə və azərbaycanlılara qarşı nifrətin qızışdırılması siyasəti və apardığı digər işlər Beynəlxalq Konvensiyaya zidd olaraq sistematik olaraq azərbaycanlıların hüquq və azadlıqlarını, eləcə də Azərbaycanın öz hüquqlarını pozur.
Azərbaycan tərəfinin qiymətləndirmələrinə görə, Ermənistan Beynəlxalq Konvensiyanın pozulmasına görə məsuliyyət daşıyır və Azərbaycana və xalqa dəymiş ziyanı ödəməlidir.*