Baş plana görə Füzuli şəhərinin ərazisi 1936 hektar təşkil edəcək, 2040-cı ilə burada 50 min nəfər yaşayacaq. Bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
“Füzulidə az və ortamərtəbəli çoxmənzilli binalar inşa ediləcək. Daha sonra həyətyanı bağ sahələri olan fərdi evlər tikiləcək. Şimal hissədən nəqliyyat dəhlizi, avtomobil yolları, dəmir yolları çəkiləcək, aeroport artıq tikilib. Ona görə yaşayış hissəsini biz şəhərin sol tərəfinə daha çox yerləşdirdik və aeroporta yaxın ərazilər daha çox məşğulluq yerləri olacaq”, - deyə o, şəhərin baş planını Prezident İlham Əliyevə təqdim edərkən bildirib.
“Burada sənaye parkı, logistika parkı var. Şəhərdə, həmçinin ekopark yaradılacaq. Şəhər ətrafında çox böyük ərazidə meşə zolaqları da olacaq. Avtovağzal, dəmir yolu vağzalı şəhərin girəcəyində yerləşəcək. Gələcəkdə böyük bir idman zonasının yaradılması, stadionun tikilməsi planlaşdırılır. Məşğulluğa gəldikdə, burada nəqliyyat-logistika əsas sahə olacaq. Əsasən sənaye, yüngül sənaye və təbii ki, turizm”, - deyə A.Quliyev vurğulayıb.*
E.Şəfiyev