Prezident İlham Əliyev Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin bərpa edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, qoruğun ərazisi 107 hektar təşkil edəcək.
Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, qoruğun Əsasnaməsini və sanitariya-mühafizə zonasını dörd ay müddətində müəyyənləşdirib təsdiq etmək, qoruğun mühafizəsi, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qoruq ərazisində yerləşən təbiət obyektlərinin inventarlaşdırılmasını təmin etmək və işlər başa çatdıqdan sonra bu barədə məlumatları bir ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etmək; xarici və yerli mütəxəssisləri cəlb etməklə qoruq ərazisində ekoloji vəziyyətin qiymətləndirilməsini aparmaq və işlər başa çatdıqdan sonra bir ay müddətində təkliflərini Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə