2021-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsində 159,7 milyon manat (ÜDM-in 0,25%-i) məbləğində profisit yaranıb. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Dövlət büdcəsinin gəlirləri 17 milyard 871,6 milyon manat təşkil edib (proqnoz 95% icra olunub).
Cari ilin doqquz ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur (proqnozun 120,2%-i). Həmin vəsaitin 73,9%-i və yaxud 4 milyard 692,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,4% çox olub.
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 193,2 milyon manat vəsait (proqnozun 112,4%-i) daxil olub
Dövlət Neft Fondundan dövlət büdcəsinə 7 milyard 309,7 milyon manat vəsait daxil olub (proqnoz 79,9% icra olunub).
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240 milyon manat vəsait transfert olunub.
9 ay ərzində maliyyələşmə əməliyyatları üzrə 1 milyard 76,3 milyon manat vəsait cəlb edilib. Bunun 813,2 milyon manatı dövlət borclanması, 205 milyon manatı layihələrin maliyyələşməsi əsasında cəlb olunan kreditlər, 58,1 milyon manatı isə özəlləşmədən daxilolmalar hesabına təmin edilib.
2021-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin xərcləri 17 milyard 711,9 milyon manat təşkil edib, proqnoz 90,1% icra edilib.
Sosialyönümlü xərclər dövlət büdcəsinin faktiki xərclərinin 43,2%-ni təşkil etməklə 7 milyard 655,2 milyon manat məbləğində icra olunub, ötən ilin eyni dövrü üzrə həmin xərc əməliyyatlarını 6,7% üstələyib.
Dövlət büdcəsi xərclərinin 11 milyard 476,4 milyon manatı və ya 64,8%-i cari xərclərə, 4 milyard 722 milyon manatı və ya 26,7%-i əsaslı xərclərə, 1 milyard 513,5 milyon manatı və ya 8,5%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23 milyard 21,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,6% çoxdur. İcmal büdcənin xərcləri isə 19 milyard 458,3 milyon manat (ÜDM-in 5,66%-i) məbləğində icra olunub.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılır.*
B.Rüstəmbəyov