2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 140 milyon 309,4 min ton yük daşınıb ki, bu da 2020-ci ilin 9 ayının göstəricisindən 0,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 78% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin 9 ayı ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 10 milyon 960,5 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,4% çoxdur.
Dəniz nəqliyyatı ilə 4 milyon 75,5 min ton (azalma 6,9%), avtomobil nəqliyyatı ilə 80 milyon 444,1 min ton (azalma 3,1%), hava nəqliyyatı ilə 355,3 min ton (artım 12,5%) müxtəlif yük daşınıb. Yanvar-sentyabr aylarında daxili neft kəmərləri vasitəsilə 26 milyon 170,6 min ton neft (azalma 1,5%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov