2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 1,52% - $44 milyard 226,4 milyona qədər artıb. Bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.
Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.
“Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb”, - deyə məlumatda bildirilir.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in büdcə gəlirləri 10 milyard 444,5 milyon manat, neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 178,2 milyon manat, tranzit gəlirləri 16,5 milyon manat, bonus ödənişləri 772 milyon manat, akrhesabı ödənişlər 5,3 milyon manat təşkil edib. Hesabat dövrü ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard 266,3 milyon manata və ya bütün gəlirlərin 21,7%-nə bərabər olub.
Bu dövrdə ARDNF-in büdcə xərcləri 7 milyard 328,2 milyon manat təşkil edib.
Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in 2021-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 309,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 3,4 milyon manat yönəldilib, fondun idarə edilməsi ilə bağlı xərcləri 15,1 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərcləri 1 milyard 990,6 milyon manat təşkil edib.
ARDNF-də neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
B.Rüstəmbəyov