2021-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 586,2 min barel (avqustda 596,1 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2021-ci ilin sentyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 703,1 min barel olub. Bunun 586,2 min barelini xam neft, 116,9 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu ilin sentyabr ayı üçün Azərbaycanın gündəlik hasilat kvotası 634 min barel olub. Beləliklə, Azərbaycan sentyabr ayında “OPEC plus” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 108,2% yerinə yetirib.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayının 18-də keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir. Bu qərara əsasən, Azərbaycan gündəlik xam neft hasilatını avqustdan etibarən hər ay təqribən 7 min barel artırmaq imkanı əldə edib.*
N.Abbasova