Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunan rayonlarda yeni inşa edilən modul tipli qurğuların, eləcə də əsaslı təmir olunan yerləşmə məntəqələrinin və digər hərbi təyinatlı obyektlərin açılışında iştirak ediblər.
“Təlim-məşq tapşırıqlarının icrası üçün yeni inşa edilən poliqonun infrastrukturu ilə tanış olan nazirə məlumat verilib ki, burada hərbi qulluqçuların peşakarlığının daha da yüksəldilməsi məqsədi ilə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılan, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Müdafiə nazirinə məruzə olunub ki, hazırda inşası davam etdirilən yaşayış məntəqələrinin və inzibati binaların tikintisinin ən qısa müddətdə yekunlaşması və hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub.
“Z.Həsənov inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev