Oktyabrın 26-da Zaqrebdə Azərbaycan-Xorvatiya Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.
“Görüşdə tərəflər Azərbaycanla Xorvatiya arasında ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə ediblər. İqtisadiyyat naziri 26 oktyabr tarixində Zaqrebdə keçirilməsi nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının iqtisadi sahədə əməkdaşlığın inkişafı perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
Radman Xorvatiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında” Anlaşma Memorandumu imzalanıb.
“Sənəddə iqtisadi əməkdaşlığın inkişafı, vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkili məsələləri öz əksini tapıb”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov