Müdafiə naziri Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında yerləşən bir sıra döyüş mövqelərində olub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyən general-polkovnik Z.Həsənov döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib”, - deyə məlumatda bildirilir.
Müdafiə nazirinə məruzə olunub ki, dövlət sərhədində 3400 metrədək hündürlükdə, o cümlədən Kəlbəcər və Laçın rayonlarının digər sahələrində yerləşən döyüş mövqelərində inşa edilən konteynerlərdən ibarət modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar və günəş panelləri quraşdırılıb.
Bildirilib ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb. Mövqelər texniki müşahidə avadanlıqları ilə təchiz olunub.
Nazir şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.*
B.Rüstəmbəyov