Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvanın ərazilərin işğalı ilə bağlı planları yoxdur.
Hökumət rəhbəri bazar ertəsi Ermənistran parlamentində 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı qeyd edib ki, regionda düşmənçilik ab-havasının aradan qaldırılması zəruridir.
“Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiya və delimitasiya prosesinin başlanması bu vəzifənin həlli üçün əlverişli şərait yaradacaq. Hökumətin proqramında biz artıq müəyyən etmişik ki, Ermənistan özünün Silahlı Qüvvələrini təcavüz üçün deyil, təcavüzdən müdafiə üçün inkişaf etdirəcək və modernləşdirəcək. Ermənistanın ərazilərin işğalı ilə bağlı planları yoxdur”, - Paşinyan deyib.
O, həmçinin vurğulayıb ki, Qarabağ probleminin həlli və regionda iqtisadi və nəqliyyat infrastrukturunun bərpası məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin bərpası zəruridir.
“Regionda iqtisadi və nəqliyyat infrastrukturunun bərpası Ermənistan iqtisadiyyatının mahiyyəti və strukturunu keyfiyyətcə dəyişəcək, infrastrukturun inkişafı üçün əlavə təkan verəcək və uzunmüddətli iqtisadi artımı təmin edəcək”, - baş nazir bildirib. **