Vətən müharibəsindən sonra revanşist ideyalarla yaşayan ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun açılış mərasimində deyib.
“Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir”, - deyə o bildirib.
DTX rəisi vurğulayıb ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışır.
“Azərbaycanın aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür”, - deyə o qeyd edib.*
E.Şəfiyev