Bir neçə Çin şirkəti Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində layihələrin reallaşdırılmasına maraq göstərib. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev bəyan edib.
“Bir neçə xarici şirkət layihələrə maraq göstərib. Xüsusilə, söhbət Kəlbəcər rayonunda su elektrik stansiyalarının tikintisindən gedir”, - Abdullayev çərşənbə axşamı “Qarabağın investisiya potensialı” adlı paneldə çıxışı zamanı bildirib.
O dəqiqləşdirib ki, Çin şirkətləri tərəfindən maraq ifadə olunub.
“Bu layihələrə dair son qərar cari ilin sonu- gələn ilin əvvəlində qəbul olunacaq”, - Abdullayev deyib.
O qeyd edib ki, AZPROMO Azərbaycan iqtisadiyyatına birbaşa sərmayələrin cəlb edilməsi üzrə fəaliyyət göstərir.
Abdullayevin sözlərinə görə, son 20 il ərzində ölkə iqtisadiyyatına təqribən $150 milyard sərmayə yatırılıb, bunun 55%-i neft sektorunun payına düşüb. **
B.Rüstəmbəyov