Nəqliyyat dəhlizləri barədə söhbətlər Cənubi Qafqazda düşmənçilik ab-havasını dərinləşdirir, halbuki kommunikasiyaların açılması sülhün bərqərar olmasına xidmət edir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Dəhlizlərin açılması söhbətləri məntiqlə regionda ədavət ab-havasını sadəcə dərinləşdirir. 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatda (Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağa dair imzaladıqları - İF) regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasından söhbət gedir. Bu deməkdir ki, hansısa ardıcıllıqla bir zamanlar mövcud olan dəmir və avtomobil yolları açılmalı və istifadəyə verilməlidir. Onlar region ölkələri üçün əlçatan olmalıdır”, - Paşinyan çərşənbə günü parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.
“Kommunikasiyaların açılması sülh və tühlükəsizliyin bərpası məntiqinə malik olmalıdır. Hazırda regionda münaqişəni deyil, sülhü müəyyən edəcən həmin yolların marşrutları müzakirə olunur”, - baş nazir bəyan edib.
Sentyabrın 20-də Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk İrəvanda jurnalistlərə bəyan edib ki, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə dəhlizin yaradılması məsələsi müzakirə olunmur. “Xeyr, müzakirə edilmir. Cənubi Qafqazda iqtisadi, nəqliyyat əlaqələrinin açılması məsələsi müzakirə olunur”, - Overçuk deyib. **