Azərbaycan 2021-ci ilin yanvar-avqust aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 5 milyard 965,46 milyon kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 20,7% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
Avqust ayında Türkiyəyə 547,15 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 13,12%-i Azərbaycanın payına düşüb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 44,53% azalıb.
Bu azalma 2021-ci ilin yazında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə qaz ixracı haqqında müqavilənin müddətinin bitməsi ilə şərtlənib.
Azərbaycan bu ilin avqust ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pilləyə qayıdıb. Birinci yerdə Rusiya (49,89%), ikinci yerdə İran (21,54%), dördüncü yerdə Əlcəzair (9,57%) qərarlaşıb.
Azərbaycan 2020-ci ilin mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayınadək ikinci (Rusiyadan sonra), aprel-iyun aylarında üçüncü, iyul ayında isə dördüncü pillədə qərarlaşıb.
Avqustda Türkiyəyə 4 milyard 170,64 milyon kubmetr qaz (2020-ci ilin avqust ayı ilə müqayisədə artım 24,32%) ixrac edilib. 3 milyard 526,3 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 84,6%-i, artım 27,6%), 644,34 milyon kubmetr (bütün ixracın 15,4%-i, artım 8,9%) isə LNG-nin payına düşüb. Bütün ixrac 6 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair, ABŞ və Nigeriya (LNG)) həyata keçirilib.
Xəbər verildiyi kimi, “Mərhələ-1” çərçivəsində Türkiyəyə qazın nəqli haqqında müqavilənin müddəti aprel ayının 16-da bitib. Nəql yalnız “Mərhələ-2” çərçivəsində müqavilə əsasında həyata keçirilib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Donmez bildirib ki, Azərbaycanla 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Məlumatlı mənbələrdən verilən məlumata görə, müqavilə 2024-cü ilin sonuna qədər (2021-2024-cü illər) “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql oktyabrın 1-dən həyata keçirilir.
2020-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 11 milyard 547,99 milyon kubmetr qaz (artım 20,5%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova